Azərbaycanda universitetdə keçmiş məhkum kafedra müdiri təyin edilib?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları özü ilə birlikdə gətirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin edilib.

2014-cü ildə N.Süleymanov məhkəmə zalında həbs olunub və səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Həbs müddətini başa vuran N.Süleymanov bundan sonra ADPU-nun Quba filialında kafedra müdiri vəzifəsini icra edəcək.

Nurbala Süleymanovla bildirib ki, ADPU-nun Quba filialının Dəqiq və Təbiət Elmləri kafedrasına ictimai əsaslarla üç ay müddətinə müdir təyin edilib:

“Dərs yükü çox olduğu üçün məsul bir şəxs bu işi üzərinə götürməli idi. Tədris prosesini yaxşı bildiyim üçün ictimai əsaslarla, təcrübəmə görə bu məsuliyyət mənə həvalə olunub. Ancaq kafedra müdiri vəzifəsi seçki prosesi ilə olan məsələdir. Kafedra müdiri deyiləm. Üç aydan sonra seçkidə kim seçilər, artıq bilmirəm”.

N.Süleymanov əlavə edib ki, 2015-ci il iyulun 24-də bəraət alıb və məhkumluğu üzərindən götürülüb:

“Üzərimdə məhkumluq olmadığı üçün mənə bu vəzifə müvəqqəti həvalə olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ