Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.
Bu barədə müraciət daxil olub. İddiada qeyd edilib ki, dərs vaxtı Fiziki Tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.
Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “26.09.2024-cü il Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında təqribən 08:30-08:45 radələri arasında məktəbin 11-ci sinif şagirdi B.Ü Gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə isə fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu 11-ci sinif şagirdini tənbeh edib.
Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib”.
Açıqlamada qeyd edilib ki, müəllim polis şöbəsinə də dəvət edilib: “Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.