Bakıda güclü yanğın olub. “Xəzər” TV işçilərini təxliyə edib - video

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında güclü yanğın baş verib.

Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

“Xəzər” TV-də təxliyə işləri həyata keçirilib

“Xəzər” televiziyanın yaxınlığındakı boya sexində partlayış təhlükəsi riskinə görə işçilərin təxliyəsi həyata keçirilib.

Hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb edilib

“Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub. Hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb edilib”.

ETSN ərazidə monitorinq aparıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparıblar.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ