“Bir ana kimi arzulayıram ki, heç bir valideyn övlad dağı görməsin. Övladını itirmək çox çətindir”.
Bu sözləri mərhum Qənirə Paşayevanın anası Tehran Nağıyeva Modern.az-a müsahibəsində deyib.
Tehran xanımın sözlərinə görə, Qənirə Paşayeva uşaqlıqdan qeyri-adi, qayğıkeş, hafizəli və zehnli olub. Digər uşaqların 10-11 yaşda qavradığını, o, 5-6 yaşdan başa düşüb. Nə iş görürdüsə, ən yaxşısını etməyə çalışıb:
“Elə bir övladın olması bir ana üçün qürur mənbəyidir. Xəstələndiyi ərəfədə mən çox narahat olurdum, amma o qədər ümidim var idi ki, sağalacaq, yaxşı olacaq. Qənirəsizlik dövrünü çox ağır keçirdim, indi yadıma düşəndə belə həyəcanlanıram, sözlər yadımdan çıxır. Məni yaşadan ona olan böyük sevgi oldu - dövlətin, xalqın sevgisi…
Onsuz da gec-tez hamımızın sonu ölümdür, amma mənim qızım şərəfli ömür yaşadı, bu da ən böyük təsəllimdir. O təsəlli olmasaydı, mən, bəlkə də, məhv olardım, çünki ağır idi onu itirmək, çox ağır idi…”
T. Nağıyeva hər zaman qızının çox işləməsindən, istirahət etməməsindən narahat olduğunu bildirib:
“Əzizini itirmək çətindir, həyat yoldaşını da itirmək çox ağırdır, amma övlad itirmək dəhşətdir. Övlad itkisi başqadır. Məzarına lap tez-tez gedirəm. Hər dəfə gedəndə görürəm ki, qəbri çiçəklərlə örtülüb, bu da mənə çox təsəlli verir. Məzarı başında ağlayıram, onunla danışıram. Deyirəm ki, mən səndən çox razı qaldım, amma bir şeydən narazıyam ki, öz canına baxmadın, mən səni dincələn görmədim.
Onun işləməyi, insanlara kömək etməsi, xeyirxahlığı, vicdanlı olmağı hər cəhətdən xoşuma gəlirdi. Amma təbii ki, bir ana kimi o qədər işləməsi məni çox incidirdi. O, öz normasından çox işləyirdi. Pandemiya vaxtları elə olurdu ki, səhərə qədər yatmırdı. Mən onun həddindən artıq yorulmasından, istirahət etməməsindən narahat olurdum. Hamı istəyər ki, övladı işini yaxşı görsün, insanlara kömək etsin, amma eyni zamanda özünə də fikir verməlidir axı.
Qənirə hədsiz təvazökar idi, o qədər işlər görürdü, amma bizə danışmırdı. O dünyasını dəyişdikdən sonra bizə məlum oldu ki, sən demə Qənirə bildiyimizdən daha çox şey edib. Arzularım o idi ki, canı həmişə sağlam, uzunömürlü, hərtərəfli xoşbəxt olsun. Ana övladını həmişə xoşbəxt görmək istəyər”.
Xatırladaq ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ötən ilin sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-i axşam saatlarında vəfat etmişdi.