“Mənə görə biz bu məsələyə texniki baxmamalıyıq. Tam səmimi deyirəm. Məncə, birinci sual olmalıdır ki, bir şagirdin hansısa Azərbaycan dili məktəbinin bir sinifində partanın üstünə çıxması, həqiqətənmi bizim xalqımızın, millətimizin dövlətimizin ən vacib problemidir?”
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, əvvəlcə bu sualın cavabına baxmaq lazımdır:
“Əgər bu problem o qədər ciddi deyilsə, deməli, bununla müəyyən formada yaşamağı öyrənməliyik. Bunu yerində məktəb direktoru həmin məktəbin icması, həmin məktəbi idarə edən təhsil şöbəsi səviyyəsində də bunu müzakirə etmək lazımdır.
Bunu gündəmə çevirməyin hansısa formada ağıllı məqsədi varsa, mən onu da müzakirə etməyə hazıram. Sözümün canı ondan ibarətdir ki, indi hamının cibində mobil telefon var, uşaqlar həmişə məktəbdə nadinclik edib.
Bu nöqteyi-nəzərdən şagird nadincliyinin videolentə alınıb, xəbər başlıqlarında yazılmasında yalnız iki şey dəyişir: xəbər başlığına çıxarılması və video çəkilməsi, əvvəl bu baş vermirdi. Amma şagird nadincliyi baş verirdi. Ona görə bizim cəmiyyətimizdə elə də böyük dəyişiklik baş verməyib.
O ki qaldı telefonların yığılmasına, mənə elə gəlir, bu, məktəbin daxilində olan qaydalarla tənzimlənməlidir. Bu, şagirdlərə, müəllimlərə və məktəb direktorlarına inam məsələsidir. Bunu mərkəzləşmiş qaydada tənzimləməyə mən inanmıram və düz də hesab etmirəm. Çünki telefon müəyyən mənada şagirdə lazımdır ki, valideyn onu axtarır, əlaqə vasitəsidir.
Hazırda mərkəzləşmiş qaydada belə bir məsələ müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə belə bir qərarın verilmə səlahiyyəti var. İcra edə bilirlərsə, bunu mən mümkün hesab edirəm, niyə də yox”.
Mənbə: Qafqazinfo