Manaf Ağayevi Füzuliyə buraxan polislərlə bağlı araşdırma başladı

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı onun keçdiyi polis postunda yoxlamalara başlanılıb.

Buta.media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək:

“Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz keçdiyi üçün 15 sutka həbs cəzası aldı. Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.

Qeyd edək ki, M.Ağayev həbsindən əvvəl azxeber-ə açıqlamasında ayda bir-iki dəfə Füzuliyə getdiyini bildirmişdi.

Xatırladaq ki, M.Ağayev dünən bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Daha sonra müğənni müzakirələrə səbəb olan videonu instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib.

Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ