“Qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan etibarən internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və imtina edərlərsə, onlar cərimələnəcək”.
Bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz özünün “Facebook” hesabında paylaşımında qeyd edib.
“Bölgələrdə internetden imtina edənlərin və şərikli internet istifadə edənlərin statistikası indiyədək açıqlanmayıb. Hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. “Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. “Aztelekom” isə bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Çünki, abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur”, deyə Osman Gündüz bildirib.
Ekspert xatırladıb ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur:
“Gözlənildiyi kimi “Aztelekom”un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom” monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Əgər bunlar olmayacaqdısa, operatorlar və provayderlər öz bildiklərini edəcəkdisə onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı?”.
Osman Gündüz onu da əlavə edib ki, tənzimləyici qurumun provayderlər qarşısında bu dərəcədə aciz durumda qalacağına inanmaq da çətindir. Forum rəhbərinin sözlərinə görə, ötən gün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb. Amma buna baxmayaraq “Aztelekom” qanuna məhəl qomur.
Xatırladaq ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar.