Sosial şəbəkələrdə yenə çaşqınlıq yaranıb. Bu dəfə səs-küyə Respublikaçı Alternativ Partiyasından olan deputat Erkin Qədirli səbəb olub.
Xatırladaq ki, son parlament seçkilərində ikinci Yasamal rayonundan iştirak edən deputatlığa namizəd E.Qədirli qalib elan edilib.
Lakin Erkin Qədirli qazandığı qələbədən narazı qalıb və buna görə də o, “seçilmiş” deputatın lehinə həddən çox bülleten atılması ilə bağlı Dairə Seçki Komissiyası üzvlərindən Mərkəzi Seçki Komissiyasına şikayət edib.
Qalib deputatın özündən şikayətlə Mərkəzi Seçki Komissiyasına müraciət etməsi xüsusi diqqətə layiqdir.
E.Qədirli haqqin.az-ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: “6 seçki məntəqəsi üzrə nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət göndərmişəm. Müşahidəçilərim əlimizdə olan səslərin sayılması ilə komissiyanın protokolları arasında uyğunsuzluqlar qeydə aldılar. Dairə seçki komissiyasından mənə verilən protokollarda, səs verənlərin sayı şişirdilib”.
Deputat deyir ki, görünür, bu, seçici fəallığını artırmaq üçün edilib. “Səsvermə prosesi və seçki fəallığı ilə bağlı heç bir illüziyam yoxdur. Bəli, mən seçkilərdə qalib gəldim, lakin protokollarda göstərilən üstünlüklə yox”.
Deputat 2020-ci il seçkiləri zamanı da eyni hadisəni xatırladıb. Həmin vaxt E.Qədirli şikayət verib və beş məntəqədə səsvermənin nəticələri ləğv edilib.
Millət vəkili onu da bildirib ki, MSK-nın protokollarına əsasən, təmsil etdiyi məntəqələrdə seçki fəallığı 22 faiz təşkil edib, baxmayaraq ki, reallıqda seçicilərin cəmi 14 faizi seçkiyə gəlib.
“Mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”, - deyə deputat yekunlaşdırıb.