Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Heydər Əliyev prospektində yolu bağlayan yük maşınları ilə bağlı açıqlama yayıb.
Qurumdan Buta.media-ya daxil olan məlumatda bildirilir ki, icazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib. Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər.
“İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur. Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı-Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.
Nazirlikdən, həmçinin bildirilib ki, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub:
“Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb”.
Eyni zamanda qeyd edilib ki, Cəfərov Rəmiş tərəfindən əvvəllər də bir sıra qanun pozuntularına yol verilib. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş edib:
“Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçib və orada yükü naməlum şəxslərə təhvil verib, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilib.
Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb”.
Açıqlamada o da vurğulanıb ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdiriblər:
““İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır”.
Qeyd edək ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz edirdilər. Onlar TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.
TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa ediblər.