Bakıda 17 yaşlı Şaymuradova Sevda Marat qızı itkin düşüb.
Bu barədə 1news.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, Sevda evdən “Hədəf” kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə ismarıc yazıb:
“Lakin birdən-birə anasının nömrəsinə mesaj göndərib. Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığırdı”.
Ailəsi yazılan ismarıcı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər:
“Çox güman, uşağı oğurlayıblar və onun adından ismarıc yazıblar”.
Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.
Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır:
“Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən bildirilib ki, Sevda Şaymuradovanın itkin düşmə ilə bağlı axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Eyni zamanda “Hədəf” kurslarından qeyd edilib ki, Sevda Şaymuradova həmin gün kursa gəlməyib:
“Hadisə təxminən 2 gün əvvəl olub. Həmin gün S. Şaymuradova evdən çıxsa da, dərsə gəlməyib. Ümumiyyətlə, dərslər cəmi bir həftədir başlanıb, daha çox tanışlıq xarakteri daşıyır. Hadisə polis tərəfindən araşdırılır”.