Bakıda ilk velosiped kirayəsi xidməti fəaliyyətə başlayıb

Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb. Velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır.

Bu barədə AYNA-nın məlumatında deyilir.

Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.

Qeyd edilib ki, Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.

Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssilərinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib.

Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.

Ayda 12 və ya ildə 36 manat ödəməklə gündə 60 dəqiqə ərzində velosipeddən istifadə etmək haqqı əldə etmək mümkündür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ