2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84 381 qadın sürücü barəsində elektron qərar çıxarılıb
Buta.media-nın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi qadın sürücülərlə bağlı açıqladığı məluamtda deyilir.
“Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib”, - deyə BDYPİ-nin məluamtında bildirilir.
Qeyd olunur ki, təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.Həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib”.
Məlumatda həmçinin bildirilir ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb.
DYP-nin açıqlamasında qeyd edilir ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir:
“Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq. Statistik rəqəmlər də deyilənləri təsdiq edir.
Odur ki, xanımlarımıza müraciət edərək nəqliyyat vasitələrindən istifadə edilməsinin onların özləri və ətrafdakılar üçün yüksək təhlükəli fəaliyyət hesab olunduğunu nəzərə almağı, baş verə biləcək riskləri əvvəlcədən düzgün qiymətləndirməyi, avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı və ona əyləncə vasitəsi kimi baxmamağı, xüsusən hündürdaban ayaqqabı həvəskarı olan qadınlara nəqliyyat vasitəsini rahat idarə etmək üçün münasib ayaqqabı seçməyi və ən əsası sürücü kimi yola çıxdıqda yol hərəkəti qaydalarını pozmamağı tövsiyə edirik”.