İki gün əvvəl Quba rayonunda Samirə Nəsirova və körpəsi doğuş vaxtı vəfat edib. Ailəsi mərhumun normal hamiləlik keçirdiyini, hər ay yoxlandığını deyib.
S. Nəsirovanın həyat yoldaşı Habil Məmmədzahidov bildirib ki, əməliyyatdan öncə onun səhhətində heç bir problem olmayıb:
“Hər şeyi normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkoz alanda 2-3 dəfə çırpınıb, sonra keçinib. Bəlkə də dozanı çox vurublar”.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənovanın sözlərinə görə, qadın mərkəzə daxil olarkən 38 həftəlik hamilə olub:
“Pasiyentə tətbiq olunan spinal anesteziya zamanı onda ağır anafilaktik şok əlamətləri müşahidə olunub. Ona tam həcmdə reanimotoloji yardım göstərilsə də, xəstə vəfat edib. Həmçinin körpədə kəskin bredikardiya müşahidə edilib və qısa müddətdə ürək döyüntüsü itib”.
Qeyd edək ki, Xaçmaz rayonunun Hülövlü kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Quba Regional Perinatal Mərkəzinə gətirilib. Vurulan iynədən sonra vəziyyəti pisləşib, ana və bətnindəki körpə vəfat edib.