Putinin Bakıya səfəri. Azərbaycan və Rusiya liderləri nəyi müzakirə ediblər? - foto / video

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

15:54

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

15:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü keçirilib.

13:27

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Vladimir Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.

Qeyd etmək istərdim ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz baxımından faydalı olacaq.

Bir daha xoş gəlmisiniz.

Sonra çıxış edən Prezident Vladimir Putin deyib:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.

İlk növbədə, dəvətə görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda olmağıma, bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.

Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib.

İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.

Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Humanitar əlaqələrə gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.

Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda – gərək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.

Yeri gəlmişkən, bilirəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib. Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.

Əlbəttə, dünən Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir.

Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə.

Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq.

Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.

Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.

Yekunda dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox əlverişlidir. Biz Bakını sevirik. Şəhər gözəldir və ən başlıcası, bir çox başqa böyük yaşayış məntəqələrinin qibtə edəcəyi səviyyədə inkişaf edir.

13:19

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdiriblər.

12:45

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Şəhidlər xiyabanını ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ