Dünən Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və qəfil yanıb. Bu zaman ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub:
“Hadisə ötün gün günorta saatlarında Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası istiqamətində baş verib. Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil.
Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”, - qurumun məlumatında vurğulanıb.