Xırdalanda parkın işıqları vətəndaşın elektrik sayğacına qoşuldu - video


Xırdalanda icra hakimiyyəti tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub. Bu barədə Baku.ws məlumat yayıb.

Nəticədə də ev sahibi 5 ay ərzində işıq puluna qat-qat artıq pul ödəməli olub:

“Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 ay ərzində işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də, ağlıma heç nə gəlmirdi. Demək olar ki, hər ay 60-70 manat işıq pulu ödəyirdim. Nəhayət, bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırılması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıq pulunu mən ödəyirmişəm”.

Məsələ ilə bağlı Abşeron rayonu Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən bildirilib ki, park ərazisinə 11 işıq dirəyi quraşdırılıb ki, onlardan yalnız ikisi şirkətin mütəxəssisi tərəfindən texniki anlaşılmamazlıq səbəbindən vətəndaşın istifadəsində olan elektrik sayğacına qoşulub.

Qeyd olunub ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən dərhal araşdırma aparılıb.

“Məlum olub ki, 2021-ci ildə Xırdalan şəhərinin 27-ci məhəlləsi, 1B binasında baş vermiş partlayış nəticəsində həm yaşayış binası, həm də ərazidə olan fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Verilmiş rəy nəticəsində yaşayış binası təmir olunub, fərdi evlər isə digər əraziyə köçürülməklə yerində abadlıq işlərinin aparılmasına qərar verilib. Bununla əlaqədar olaraq ərazidə Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən dağınıq sahədə parkın salınması ilə bağlı 2024-cü ildə tender elan olunub. Qalib şirkət tərəfindən ərazidə abadlıq, quruculuq işləri aparılıb və park salınaraq vətəndaşların istifadəsinə verilib. Şirkət tərəfindən park ərazisinə 11 işıq dirəyi quraşdırılıb ki, onlardan yalnız ikisi şirkətin mütəxəssisi tərəfindən texniki anlaşılmamazlıq səbəbindən vətəndaşın istifadəsində olan elektrik sayğacına qoşulub.

Məsələ ilə əlaqədar olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən şirkətə məlumat verilib, şirkət də öz növbəsində texniki anlaşılmazlığa görə vətəndaşdan üzrxahlıq edərək bildirib ki, gün ərzində dəymiş ziyan hesablanaraq tam şəkildə vətəndaşa ödəniləcək.

Bundan əlavə bildiririk ki, müraciətimiz əsasında Abşeron Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik xətti sayğacdan ayrılıb”, - deyə açıqlamada bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ