Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və həyat yoldaşı iyulun 5-də günorta saatlarında Brüsseldə amansız quldurluğun qurbanı olublar.
Bu barədə Belçikanın “Sudinfo” nəşri yazır.
İcarəyə götürdükləri skuterdə olan iki şəxs revolverin qundağı ilə səfirin və onun həyat yoldaşının başına vuraraq, onlardan ümumi dəyəri 90 min avro olan iki cüt dəbdəbəli “Rolex” saatını qarət ediblər.
Səfir Cəfər Hüseynzadə saatların qiymətinin hədsiz dərəcədə şişirdildiyini bildirib
APA-ya açıqlamasında Səfir Cəfər Hüseynzadə deyib ki, hadisə 5 avqust tarixində baş verib.
“Məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər.
Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.
Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar “Rolex” markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - deyə o qeyd edib.