Fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.
Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddətinin COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv olunur.
Hazırda qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq fevralın 15-dən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Eyni zamanda Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Beləliklə, 2022-ci il fevralın 15-dən etibarən bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.