İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Xınalıq avtomobil yolunun 42-ci kilometrində Əlikçayın üzərində yerləşən və 20 ildən çox tarixə malik avtomobil körpüsünün uçmasına səbəb olub. Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilir ki, dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.