Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.
Gözlənilən hava şəraiti ilə bağlı ETSN-nin mətbuat katibi İradə İbrahimova müraciət səsləndirib.
“Sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır. Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”, - o bildirib.
Nazirlik sözçüsü bir daha xatırlatma edərək deyib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır:
“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik”.