Azərbaycanda yeni epidemiya gözlənilir?

“Azərbaycanda bu xəstəliyin xüsusi riskini görmürəm. İstəlinən halda belə bir epidemiya ocağı varsa, keçid zonalarında nəzarəti gücləndirməliyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Braziliyada yayılan Oropuş qızdırmasından danışarkən deyib. 

Ekspert belə bir məqamda Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun hərəkət edilməyin vacibliyini vurğulayıb:

“Biz imkan daxilində xəstəliyin ölkəmizə ayaq açmasının qarşısını almalıyıq. Hər hansı bir vəziyyət baş verərsə, diqqətli olmaq və infeksiyanı yerində lokallaşdırmaq üçün bütün imkan səfərbər edilməlidir”.

Həmsöhbətimiz bildirib ki, Oropuş qızdırması bunyaviruslar qrupuna aid olan viruslar tərəfindən törədilir:

“Xəstəlik adətən yüngül keçir və 3-4 gün müddətində demək olar sağalır. Lakin bəzi hallarda müəyyən səbəblərdən güman edilir ki, qaraciyərdə qlutationun səviyyəsi aşağı və immun sistemi təlatümlü olan xəstələrdə xəstələrdə ağırlaşa və ölüm törədə bilər”.
 
Professor hesab edir ki, hipertermiya törədən virusların əksəriyyəti ağçaqanadlar tərəfindən törədilir:

“Ağçaqanadlar vasitəsi ilə bu xətəlik bir insandan digərinə keçir. Dünyanın hər yerində ağçaqanaqların qırılması üçün lazımı tədbirlər görülür, gölməçələr qurudulur və s. Bizdə də bu kimi işlər gedir. Hesab edirəm bunlar intensivləşməlidir”.

Qeyd edək ki, Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Oropuş qızdırması ilk dəfə Trinidad və Tobaqo Respublikasında müəyyən edilib. Bununla belə, 1960-cı ildə Braziliyada infeksiya xəbərləri ortaya çıxıb və indiyədək 7,2 mindən çox qızdırma halı qeydə alınıb. Ən çox hal Amazonas və Rondoniya ştatlarında qeydə alınıb.

Oropuş qızdırması yoluxmuş ağcaqanadlar tərəfindən ötürülən viral infeksiyadır. Xəstəliyin simptomları: əzələ ağrısı, oynaqların sərtliyi, baş ağrısı, qusma. Xəstəlik adətən ağırlaşmalar olmadan inkişaf edir, lakin ağır hallarda xəstənin həyatı üçün təhlükə yaradan ağırlaşmalar baş verə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ