Sosial şəbəkələrin Azərbaycan seqmentində Aİ-92 markalı benzinin sərfiyyatının artması ilə geniş müzakirələr gedir.
Bəzi sürücülər qiymət artımından sonra yanacaq sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini qeyd edirlər.
Məsələ ilə bağlı SOCAR-dan bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir və yayılan məlumatlar həqiqəti əks-etdirmir.
“Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.