Qlobal nasazlıq Azərbaycandakı qurumların işinə necə təsir edib?

“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.

Bu barədə qurumdan bildirilib.

“Bakı aeroportunun əməliyyatları “Amadeus” sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir”, - deyə qurumun məlumatında qeyd olunub.

Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir.

Eyni zamanda, “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinə də, təsir göstərməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ