Bulvarda skuterlərin istifadəsi qadağan edildi

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.  

Bu barədə “Qafqazinfo”ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib. 

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub. 

Əldə etdiyimiz digər məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib. 

Dənizkənarı Bulvar İdarəsindən saytımıza bildirilib ki, İdarə tərəfindən skuterlərin qadağan edilməsi ilə bağlı hər hansı qərar verilməyib: “İdarənin Mühafizə xidməti tərəfindən skuterləri qanunsuz icarəyə verən şəxlər və təhlükəsizlik qaydalarına riayət etməyən skuter istifadəçilərinə qarşı mübarizə tədbirləri aparılır. 

Sosial şəbəkələrdə bulvar ərazisində bu mikromobillik vasitələrinin istifadəsinə qoyulan qadağa ilə bağlı yayılan məlumatlar isə skuterləri icarəyə verən özəl şirkətlərdən birinin profilaktik tədbirlər məqsədi ilə verdiyi qərardır və bu həmin şirkətin daxili qaydasıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ