Bakıda kirayə mənzillər kəskin bahalaşacaq. İndidən tələsmək lazımdır

Turizm mövsümünün başlaması ilə əlaqədar təkcə şəhər ətrafında mənzillərin qiyməti artmayıb, paytaxtın ayrı-ayrı ünvanlarında da kirayə qiymətləri yüksəlib. Maraqldır ki, paytaxtda bir və bir neçə günlük kirayişinlərin sayı daha çox artıb. Bu da qiymətə öz təsirini göstərib. Məsələn, paytaxtın dənizə yaxın hissəsində gündəlik kirayə haqqı 100-200 manat arasında dəyişir. Digər ərazilərdə isə qiymətlər 80-100 manatdır.

Daşınmaz əmlak üzrə ekspertlər hesab edir ki, üzü payıza doğru kirayə qiymətləri daha da bahalaşacaq. Bu da noyabr ayında keçiriləcək COP29 tədbirləri  ilə bağlıdır. Məlumdur ki, bu tədbirlərlə bağlı ölkəmizə minlərlə turistin gələcəyi gözlənilir. Təbii ki, bu qədər qonağın gəlişi mənzil bazarına da öz təsirini göstərəcək.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istənilən böyük tədbir Bakının mənzil bazarına öz təsirini göstərir:

“Bu mənada COP29 kimi mötəbər bir tədbirin keçirildiyi günlərdə mənzil bazarında xüsusi canlanma olacağı gözlənilir. Məlumdur ki, ÇOP29-a ən azı  50-60 min insanın gəlişi gözlənilir. Bu qədər qonağı eyni vaxta qəbul edəcək hotellərimizsə yoxdur. Ona görə qonaqlar fərdi evlərə də üz tutacaq. Artan tələbatsa qiymətləri qaldıracaq. Artıq qiymət artımı elektron portallarda özünü göstərir. Vaxt yaxınlaşdıqca qiymətlər daha da yüksələcək. Bizdə olan məlumata görə şəhərin mərkəzi və dənizə yaxın hissəsində mənzili olan insanların çoxu artıq hazırlıq işlərinə başlayıblar. Onlar mənzillərinə əl gəzdirir, ən yaxşı vəziyyətə gətirməyə çalışırlar. Qiymətlərin payızda nə qədər artacağını deməksə bir qədər çətindir. Amma onu deyə bilərəm ki, indiki qiymətlərlə müqayisədə fərq böyük olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ