Azərbaycanda üç telekanalın yayımı üç saatlıq dayandırılacaq

İyulun 11-də ATV, ARB və “ARB Günəş” telekanallarının yayımı üç saatlıq dayandırılacaq. Bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası qərar qəbul edib.

Belə ki, monitorinqlər nəticəsində hər üç telekanalın Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. 

Bundan əlavə, Şuranın iclası zamanı audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub. Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində “Aznet Technologies” Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: “Aznet” olmaqla) lisenziyası, “Metaflix” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Metaflix” xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, “Megogo” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Megogo” xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.

Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunmuşdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ