Gecə saatlarında tikinti şirkətlərindən birinin Bakının Yasamal rayonunda yaşayış evləri qanunsuz sökməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 5-də saat 00:49-da vətəndaş N.Nəcəfzadə DİN-in “102” Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib:
“Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb. Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.