Deputat jurnalistləri təhqir etdi

Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, bu gün yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

C.Feyziyevin təhqir dolu yazısını olduğu kimi təqdim edirik:

“Əziz dostlar, 

Keçən həftə London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxıldı. Bu məbləğin qanuniliyinin London məhkəməsi tərəfindən tanınması ilk növbədə Azərbaycanda biznes mühitinin və qazanılan vəsaitlərin qanuniliyinin və şəffaflığının göstəricisidir.

Bildiyiniz kimi, vaxtilə Beynəlxalq Bankın əməliyyatlarında baş vermiş qanunsuz hallar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və orada cinayət əməlinin törədilməsi sübut olunub. Buna görə də qalan 5 milyon məbləğin vaxtilə məhz Beynəlxalq Bank vasitəsilə köçürülməsi həmin məbləğin müsadirə olunması ilə nəticələndi. Bunun qarşısını almaq mənim iradəmdən kənarda idi. Britaniya məhkəməsinin qərarında da, Britaniya mətbuatında da mənim və ailə üzvlərimin hər hansı qeyri-qanuni hərəkətə yol vermədiyimiz ayrıca qeyd olunub. Azərbaycan mətbuatında isə bütün bunlar təhrif olunmuş şəkildə təqdim edildi.

- Ailə üzvlərimin hesablarındakı vəsaitlərin mənbəyi nədir?

Bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər. Bu şirkətlərdə ölkənin bütün bölgələrindən minlərlə vətəndaşımız çalışıb, özünün və ailəsinin layiqli həyatını təmin edib. Bu şirkətlər dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edib, Azərbaycanın yeni yaranmaqda olan biznes mühitinə müasir davranış qaydaları və iş üslubu gətirib. Gördüyüm bütün işlərlə və birgə çalışdığım bütün insanlarla həmişə fəxr etmişəm və bu gün də onların hamısını hörmətlə xatırlayıram. 

Mən orta maddi səviyyəli müəllimlər ailəsində böyümüşəm, ancaq zəngin olmadığımız üçün heç vaxt heç kimi günahkar hesab etməmişəm. Qarşıma qoyduğum məqsədlərə sadəcə düzlüklə, vicdanla və əzmkarlıqla işləyərək çatmışam. Heç kimdə günah axtarmadan, heç kimi suçlamadan. 
Beləliklə, sözügedən vəsaitlər mənim 20 ildən çox müddətdə özəl biznes sahəsində əldə etdiyim şəxsi qazancımdır, mənə və ailəmə məxsusdur. Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.

Orta savadı olan adam üçün burada başa düşülməyəcək bir şey yoxdur. Amma qaragüruh təmsilçiləri bunu anlamadan və ya anlayaraq qəsdən ünvanıma “korrupsioner”, “xalqın pulunu talayan” və s kimi özlərinə yaraşan nalayiq ifadələr işlədiblər. Bütün bunlara həmişə təmkinlə yanaşmışam. Çünki anlayıram ki, adətən, belə adamlar öz uğursuzluqlarının səbəbini özlərində deyil, məhz onlardan daha uğurlu olanlarda görürlər. Ailələri, övladları onlardan vicdanla, namusla pul qazanıb ailəni təmin etməyi gözlədikləri halda onlar öz qabiliyyətsizliklərini bizim kimilərini söyməklə ört-basdır etməyə çalışırlar.
Ünvanıma səslənən əsassız, vicdansız tənqidlərin və təhqirlərin müəlliflərini də yaxşı tanıyıram.

Bunların bir qismi - Əli Kərimli, Qubad İbadoğlu, Cəmil Həsənli, Arif Məmmədov, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Aslan İsmayılov, İlqar Məmmədov kimiləri və onların altında sıralanan, ömründə bir kitabı belə oxuyub başa çatdırmamış, amma başlarından böyük siyasi iddiaları olan özündən müştəbeh siyasi şarlatanlardır.

Onlar özlərini “siyasətçi” və ya “bloqer” adlandırsalar da, əslində cəmiyyətdə hər hansı siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlardır. Lümpen proletar düşüncəsinə malik olan bu adamlar sadə insanları halal əməklə pul qazanıb zənginləşməyə yox, proletar inqilabı etməyə və 100 il əvvəl olduğu kimi xalqın imkanlı və ziyalı adamlarını öldürüb qarət etməyə çağıranlardır. Onlar anlamırlar ki, bunu bir daha yuxularında da görə bilməyəcəklər.

Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir. Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər.

Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə "Youtube" kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir.

Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir.

Əziz dostlarım və izləyicilərim,

Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur. Buna görə mənim yuxarıda sadaladığım siyasət və məişət dələduzlarına heç bir hesabat vermək məsuliyyətim və fikrim yoxdur. Belə adamların yaydığı qərəzli və saxta xəbərlərə görə narahat olub mənə dəstək mesajları göndərən, telefon açan, narahatlığını bildirən bütün dostlarıma minnətdarlığımı bildirirəm və ən xoş arzularımı çatdırıram”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ