Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.
► Hesabatda bildirilir ki, 2024-cü ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah və 6933 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
► 2024-cü ilin yanvar-aprel aylarında 33 575 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 11,1-dən 10,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.
► Bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 963 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,4-dən 6,2-yə düşüb.