Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır.
Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.