Xəbər verdiyimiz kimi, ötən gün Pirallahı çimərliyində 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlu batıb.
Baku TV mərhum barədə bəzi məlumatları əldə edib.
Məlum olub ki, batan şəxs sualtı idman növü ilə məşğul imiş.
Onun ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə, nəzarət olunmayan ərazidə batdığı bildirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, peşəkar dalğıc olan Mikayıl Mirzəyev sualtı balıq ovu ilə məşğul olurmuş. Hadisə də 45 yaşlı şəxs suyun dibində balıq ovlayarkən baş verib.
Belə ki, dünən səhər saatlarında M.Mirzəyev həyat yoldaşı Zemfira İbrahimova ilə birgə Dübəndi neft terminalı yaxınlığında sualtı balıq ovuna gedib və onlar dənizin dibinə eniblər. Lakin bir qədər sonra qadın sahilə çıxsa da, Mikayıldan xəbər çıxmayıb. Z.İbrahimova dərhal hadisə barədə polisə məlumat verib və əraziyə FHN-in xilasediciləri cəlb edilib. Aparılan axtarış tədbirləri nəticəsində onun cansız bədəni yaxınlıqdakı qayalıq ərazidən tapılıb.
İlkin ehtimala görə, M.Mirzəyev oksigen çatışmazlığından vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, cütlük xüsusi ov aləti ilə suyun dibində ov edirmiş.