Elmar Məmmədyarov: Nazir olanda 24 saat, 7 gün işləyirdim

Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm. Evdə dünyada baş verənlərə tamaşa edirəm. Məsləhətlər verməyə davam edirəm. Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm.

Buta.media xəbər ki, bu sözləri Qafqazinfo.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Mmmədyarov bildirib ki,  hazırda idmanla məşğul olur. 

“Əməlli başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm. Uşaqlıqdan futbola böyük sevgim var, bir futbol oyununu belə buraxmıram. Həm milli komandanın, həm də “Qarabağ” və ya “Neftçi” klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedirəm”. 

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan sabiq XİN rəhbəri qeyd edib ki, gec-tez ölkələr arasında sülh yaranacaq.
 
“Ayrı yolumuz yoxdur, Ermənistanın da ayrı yolu yoxdur. Normal şəkildə münasibətləri davam etdirmək üçün sülh sazişi bağlamalıyıq. Mən nazir olanda da həmişə deyirdim ki, torpağı götürüb, harasa qaçmaq olmaz. İlk növbədə qonşularla dil tapmaq lazımdır. Nə qədər tez olsa bir o qədər sərf eləyər. İkincisi isə ermənilər özləri də Qarabağ klanının onlara nə qədər ziyan vurduğunu başa düşməyə başlayıb. Təsəvvür edin ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan kəməri müzakirə ediləndə belə bir təklif var idi ki, kəmər Ermənistan ərazisindən də keçsin, amma onu qəbul etmədilər. Nə var, nə var Qarabağ klanı qoymadı. Əgər Bakı-Tbilisi Ceyhan Ermənistan torpağından keçsə idi, nə qədər pul qazana bilərdilər. İndi onu da itirdilər. Ermənistan haradadır indi? Onların ən böyük problemi elə Qarabağ klanıdır. Biz müzakirə edəndə belə bir söhbət var idi ki, bilinmir Ermənistan Azərbaycanı işğal edib, ya Qarabağ klanı Ermənistanı? Ümumiyyətlə belə bir həqiqət var ki, Qarabağ klanı Ermənistanı işğal edib. Ona görə də bütün problemlər ortaya çıxıb”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ