"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdi

İyunun 14-də respublikanın bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək.

Aidiyyəti qurumlar artıq bununla bağlı tədbirlər planı hazırlayıblar.

Kütləvi tədbirlərin keçiriləcəyi gün ən vacib məsələlərdən biri də ictimai asayişin qorunması məsələsidir. Bu səbəbdən "Son zəng" günü Daxili İşlər Nazirliyi (DİN) tərəfindən hansı tədbirlərin keçiriləcəyi ilə bağlı quruma sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək:

"Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək.

Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ