Son zamanlar "İnternational Medical Center 1"dən şikayətlər çoxalıb. Sosial şəbəkələrdə post paylaşılaraq bu xəstəxanaya müraciət edilməməsi tövsiyə olunub.
Bu yaxınlarda həmin xəstəxanada övladı dünyaya gələn Cavad Abdullayev də şikayətçilərdən biridir.
O, Oxu-Az-a açıqlamasında bildirib ki, uşağı doğulandan sonra ona ciyərində problem olduğu deyilib. İddia edir ki, daha sonra ona 1200 manata yaxın məbləğdə iki iynə aldırıblar:
"Mayın 7-də uşaq heç bir əməliyyat olmadan təbii yolla doğulub. Səhər yoldaşıma deyiblər ki, uşağın vəziyyəti ağırdır. Küvəzə qoymuşuq. Əvvəlcə dedilər ciyəri açılmayıb. Mənə iki iynə aldırdılar, hər ikisinə ümumilikdə 1200 manata yaxın pul verdim. Sonra bildirdilər ki, iynələrdən sonra uşağın ciyəri açılıb. Bundan sonra uşaq pnevmoniya (ağciyər iltihabı) olub. Uşaq doğulanda yarım saat ağlamağını kəsə bilməyiblər. Mən bir şeyi anlamıram ki, ciyəri açılmayan uşaq o qədər ağlayar? Doğum pulundan əlavə 2000-ə yaxın depozit istəmişdilər, onu da ödədim. Düzdür, uşağın həkimini biz başqa yerdən gətirmişik, ondan çox razıyıq, amma ödənişi həmin xəstəxanaya etmişik. İki gün uşaq orada qaldı. Daha sonra baxdım ki, uşağı burada saxlamağa imkanım yoxdur. Ayın 9-da axşam saatlarında xəstəxanadan zəng edib soruşanda ki nə qədər depozitim qalıb, 729 manat dedilər. Ayın 10-da uşağı çıxarmaq istəyəndə mənə dedilər ki, sizin 32 manat depozit pulunuz qalıb. Mən oranın direktoru Əli bəyin yanına da getdim. Ona da dedilər ki, 48 manat depoziti qalıb. Adi bir şeydir, amma beş dəqiqə içində rəqəmi dəyişirlər. Özünə də bu iradı bildirəndə dedi ki, bu, texniki səhvdir. Dedilər ki, plazma köçürmüşük, uşağı bir neçə dəfə rentgen etmişik, dərmanlar vermişik, depozit buna görə silinib. Uşağa orada heç bir müalicə edilməmişdi. Mənə boş kapsulanı göstərib deyir ki, vurmuşuq. Mən haradan bilim ki, siz onun hamısını bizim uşağa vurmusunuz? Bəlkə mənim aldığım iynə ilə bütün uşaqlara vurmusunuz və hamıdan da pul almısınız. Ümumilikdə iki gün ərzində 4400 manat pulum çıxdı".
Şikayətçi deyir ki, daha sonra uşağı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparıb:
"Mən onlara dedim ki, şəhid ailəsiyəm, imkanım yoxdur və dava-qırğınla axır ki, uşağı oradan çıxarıb mayın 10-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparmışam. Uşağın müalicəsi hələ də orada davam edir. Sağ olsunlar, həkimlər çox yaxşı baxırlar və çox razıyam. OMD-yə "İnternational Medical Center 1"dən çox uşaq gətirirlər.
Son vaxtlar oradan çox adam şikayətçidir. Valideynlər danışırdılar ki, həmin xəstəxanada yeni doğulmuş uşağı soyuq su ilə çimizdiriblər. Mən indi şikayət etmirəm ki, pulumu geri qaytarsınlar. Sadəcə bildirmək istəyirəm ki, bu kimi insanlar uşaqların gələcəyini məhv edirlər. Onlar yaxşı həkimlərin də adını batırırlar".
Məsələ ilə bağlı "İnternational Medical Center 1"in mövqeyini öyrənməyə çalışsaq da, suallarımıza cavab verən şəxsi tapa bilmədik.