Bakıda zavodda faciə - 5 nəfər öldü

Bu gün saat 17:00 radələrində ASCO-nun  “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

Üzən tərsanədə işləyən 4  işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib. 

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5  nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti  çıxarılıb. 

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.

19:44

Bakıda zavodda beş nəfər qazdan zəhərlənərək ölüb, ikisi xəstəxanaya yerləşdiriib.

Bu barədə TƏBİB-dən bildirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal doqquz təcili tibbi yardım briqadası yönləndirilib.

Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ