Mustafa Abbasbəyli yeni vəzifəyə təyinat aldı

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib. M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bu gün Mədəniyyət Nazirliyi təyinatla bağlı açıqlama yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.

Qeyd olunub ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000–2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001–2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.Abbasbəyli 2019– 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ