Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı - video

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır.

Marşrut xəttini istismar edən “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov “Qafqazinfo”ya açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib. O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib:

“Qeyd olunan sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib”.

“Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-də işdən çıxıb: “Sürücü mayın 7-də işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik”.

Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-də axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub.

Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət “3 gün əvvəl işdən çıxardığı” əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?

10:54

Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

“Qafqazinfo” xəbər verir ki, “Batya Vasmoyski” ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. “Çinar Trans” MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski” kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli “Qafqazinfo”ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib: “Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu narkoloji dispanserə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin sonrakı taleyi və davranışlarını sonradan izləyə bilmirik”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, 40 saylı marşrut xətti “Çinar Trans” MMC-nin istismarındadır və onlar sürücüyə görə cavabdehdir.

Şirkətdən isə gün ərzində mövzu ilə bağlı açıqlama veriləcəyi bildirildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ