“İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün “miqat” elədim. Sevindim ki, artıq yol ayrılır, o da “Şamaxinka”ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki “dubinka” ilə üstümə gəlir”.
Bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.
O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.
M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:
“Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım”.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Qadın sürücüyə qorxulu anlar yaşadan taksi sürücüsü saxlanılıb.
Həmin şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib:
“Yolun hərəkət hissəsində avtomobilini saxlayaraq dəyənəklə digər sürücüyə hədə-qorxu gələn Sumqayıt şəhər sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib”.