Müəllimlərə təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib

Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”na öz əksini tapıb.

Təhsilverənlərin xidməti davranış qaydalarna əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.

Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ