Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar iki marşrut avtobusunun hərəkəti dəyişdirilib, bəzi küçələrdə parklanma yerləri ləğv edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir. Müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.
Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.