Yeni Hərbi Hava Qüvvələrinin komandanı kimdir - dosye

Xəbər veridiyimiz kimi, general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib.

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 

1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 

1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 

1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur.

Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

İngilis və rus dillərini bilir.

9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə","Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ