Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib.
KONKRET.az xəbər verir ki, zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınları bildiriblər ki, hazırda müalicəsi davam edən 2 gənc 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinin reanimasiyasından çıxıblar.
Onların sözlərinə görə, həkimlər də onların zəhərlənməsi ilə bağlı ilkin rəy veriblər:
“Həkimlər də bildirirlər ki, sağ qalan şəxslər xəstəxanaya yerləşdirilən zaman qanlarında 75-80 faiz zəhərlənmə olub. Sağ qalanların hər ikisi – həm Cabbarlı Xəzər, həm də Cabbarlı Nicat ümumiyyətlə, spirtli içki qəbul etmirlər. Həmin gün də etməyiblər. Çaşdırıcı məqam budur ki, ortada heç bir ekspertiza nəticəsi olmadan, rəy verilmədən hadisə günü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyi zəhərlənmənin qidadan baş vermədiyini açıqladı. Hansı əsasla? Hansı araşdırmanın nəticəsinə əsaslanıb, bu açıqlama verildi?
Ailə üzvləri bildirir ki, gənclər hoteldə balıq və göbələk yeyiblər, zəhərlənməyə səbəb də məhz həmin qidalar olub. Belə ki, digər ölən şəxslər həqiqətən spirtli içki qəbul ediblər. Müsahiblərimizin dediyinə görə, həkimlər də sonuncuların ölümündə spirtli içki faktorunu xüsusi qabardıb: “Həkimlər bildirir ki, içki içəndə qan durulaşır. Bu səbəbdən də zəhərlənmə qanlarına sürətlə yayılıb. AQTA bilərəkdən bu cür açıqlama ilə zəhərlənmənin səbəbini başqa nüanslara yönləndirir. Ortada ekspertiza rəyi yoxdursa, bu açıqlamanın məqsədi nəyə hesablanıb? Gün kimi aydındır ki, hoteli müdafiə etməyə. Dövlət qurumunun özünü açıq-aşkar bu cür birtərəfli aparması sadəcə təəssüf doğurur”.
Ailəsi həmçinin hadisə baş verən gün gənclərin yanında qızların olması ilə bağlı yayılanları da təkzib edir. Onların bildirdiyinə görə, əgər orada qızlar olsaydı, onlardan da kimsə zəhərlənərdi. Ən azından zəhərlənənlər barədə xəbər verərdilər. Hazırda gənclərdən ikisi – Cabbarlı Nicat və Cabbarlı Xəzər palatadadılar. Onlara mobil telefon işlətməyə icazə verilmir. Hadisə baş verən gün Xəzər Cabbarlının ürəyi üç dəfə dayanıb, onu çətinliklə həyata qaytarıblar.
İttihamlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov isə ailənin iddialarını təkzib edib. TV Müsavata açıqlamasında İ.Kərimov zəhərlənmənin qidadan olmadığını və əllərində bunu təsdiqləyən sübutların olduğunu bildirdi. O, etik səbəblərdən dolayı zəhərlənmənin nədən qaynaqlandığını açıqlamayacağını dedi.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə gənclərin qidadan zəhərlənmədiyini bildirdi. Onun sözlərinə görə, zəhərlənmənin hansı səbəbdən baş verdiyi isə etik səbəblərdən, pasiyentin hüquqlarına hörmət olaraq açıqlanmır: “Qeyd olunan şəxslərin tibb müəssisəsinə müraciəti zamanı onlara zəruri tibbi xidmət göstərilib və müvafiq müayinələr təyin olunub. Qidadan zəhərlənmə şübhəsi öz təsdiqini tapmayıb. Vətəndaşın diaqnozu həkim sirri təşkil etdiyi üçün açıqlanması məqsədəuyğun hesab edilmir”.