2021-ci ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox Əli adı qoyulub. .
Buta.media-nın məlumatına görə, ötən müddət ərzində 1299 uşağa bu ad verilib.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib.
Qız uşaqları arasında isə ən populyar adı Zəhradır - 1312 uşağa verilib.
Doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub.
Balış, Meydan, Səyahət...
Bunlarla yanaşı cari ildə doğulan bəzi uşaqlara maraqlı, az rast gəlinən adlar seçilib.
Oğlan uşaqlarına verilən adlar arasında Şanil, Səyahət, Stefane, Dominik, Hüqo, Doğru, Samuil, Xanış, Qılıc, Hörmət, Adəm Ronald, Dilən, Alan, Meydan, Şalva və Alfonsonu qeyd etmək olar.
Qız uşaqlarına isə Barbare, Anano, Kimyaxanım, Fərasət, Gülgülə, Zlata, Havayət, İfadə, Diri Doğulmuş, Bağdasər, Yaylax, Medina, Nisbət, Hamar, Manisa, Kumsaldeniz, Balış, Peykər, Durxanım kimi adlar qoyulub.
Bu adlar cari il ərzində cəmi bir nəfərə qoyulub.