Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır.
Buta.media-nın məlumatına görə, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib.
Ç.Abdullayev oxucularından xahiş edib ki, “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməsinlər.
“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”, - deyə o bildirib.
Qeyd edək ki, Xalq yazıçısı bir müddət əvvəl Vətən müharibəsi haqda özünün feysbuk hesabında paylaşım etmişdi:
“Mən “Birinci” və “İkinci Qarabağ savaşı” terminlərinin əleyhinəyəm. “Birinci Qarabağ müharibəsi” olmayıb. Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər”.