“Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki?” - Novruz Məmmədov

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə eks-prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sherg.az-ın məlumatına görə o öz istəyi ilə tutduğu vəzifədən azad edilməsini xahiş edib:

“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burada başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.

N.Məmmədov vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb:

“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ