Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 4-cü sinif şagirdi Ömərov Polad it dişləməsindən sonra dünyasını dəyişib.
Buta.media-nın xəbərinə görə, bu barədə Trend məlumat yayıb.
Bildirilir ki, hadisə ötən ay Xaşaxuna yaşayış massivində baş verib. Küçə itinin hücumundan sonra yaxınları P.Ömərovu xəstəxanaya çatdırıblar və ona yardım göstərilib.
Hadisənin üstündən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, məktəbli ötən gün dünyasını dəyişib. Qonşular bildiriblər ki, uşaqda quduzluq əlamətləri olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hadisə ilə bağlı açıqlamasında qeyd olunur ki, Polad Ömərov dekabrın 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:
“Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə yaşayış üzrə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”, - deyə qurumun açıqlamasında bildirilir.