Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən Yunis Səfərov və dəstə üzvlərinin kassasiya şikayətlərinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumların vəkilləri çıxış ediblər.
Yunis Səfərovun vəkili ömürlük məhkum edilmiş müvəkkilinin cəzasının yüngülləşdirilməsini, digər müttəhimlərin müdafiəçiləri isə bəraət istəyiblər.
Öz növbəsində prokuror əvvəlki qərarın dəyişdirilmədən saxlanılmasını tələb edib.
Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyəti prokurorun mövqeyini əsaslı hesab edib. Qərara əsasən, məhkumların vəkilləri tərəfindən verilmiş kassasiya şikayətlərinin hamısı rədd edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi də hökmü qanunauyğun hesab edib.