Təcili yardımın sürücüsü səs siqnalını qoşmadı, mübahisə düşdü - video

Azərbaycanda təcili tibbi yardım avtomobilində tıxacda qalan azyaşlının valideynləri ilə sürücü arasında gərginlik yaranıb. Görüntüləri BAKU.WS saytı dərc edib. Bildirilir ki, valideyn övladının qan itirdiyini əsas gətirərək, sürücüdən səs siqnalını işə salmağı tələb edib.

Sürücü isə TƏBİB tərəfindən sirenanı işə salmağa icazə verilmədiyini iddia edib. Nəticədə xəstəni tibb məntəqəsinə çatdırmalı olan təcili yardım maşını tıxacda qalıb.

Sözügedən görüntülərlə bağlı TƏBİB-in mətbuat xidməti açıqlama verib: 

“Görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər. Məlum olduğu kimi, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır.

Xüsusilə qeyd edilməlidir ki, TƏBİB tərəfindən təcili tibbi yardım ambulanslarında işıq və səs siqnallarından təyinatına uyğun olaraq istifadə, eləcə də digər yol iştirakçılarına işıq və səs siqnallarından istifadə edən ambulansların rahat hərəkəti üçün şərait yaratmaları tövsiyə olunur”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ