“İndiyədək Bakıətrafı kəndlərdə neft gölləri var. Bu göllər radioaktiv maddə saçır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Asim Mollazadə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirdiyi birgə ictimai dinləmədə deyib.
“Düşünün, bu radon səviyyəsinin uşaqlara təsiri necədir? Orada yaşayan uşaqlarda mutasiyaya səbəb olması ilə bağlı araşdırılmalar aparılır? Bundan əlavə, Xəzər dənizi quruyur. Volqa, Ural, Kür çayında bəndlər vurulur və Polad Bülbüloğlunun mahnısındakı kimi “dəniz qaçır”.
Texnogen səslər də insan sağlamlığına ciddi təsir edir. Bakı şəhərində bu səslər ölçülürmü? İnsan bəzən səbəbsiz stressli olur. Bu stressin əsas səbəblərindən biri isə səs kirliliyidir”, - deyə millət vəkili vurğulayıb.