Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Eşqin Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən E.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə saxtakarlığında, külli miqdarda rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyev isə cinayət məsuliyyətindən azad edilib.
Keçmiş baş həkim məhkəmədə özünü təqsirli bildiyini deyib.
Qeyd edək ki, E.Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
İstintaqla Eşqin Əliyevin baş həkim və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, onun Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etdiyi bildirilib.
Xatırladaq ki, Eşqin Əliyev son üç ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. 2021-ci ilin yanvarında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Onun xələfi Rasim Əzizov da təyinatından bir müddət sonra qalmaqallı şəkildə işdən çıxarılıb.